Faks maşını, avtomobil alışqanı, vizit kartları, stasionar rabitə...
Peycerlər, cib kompüterləri, disketlər – öz zamanında bütün bu həllər aktiv istifadə olunurdu, lakin bir sıra obyektiv səbəblərdən öz yerlərini daha təkmilləşmiş texnologiyalara verməli olublar.
ABŞ-ın analitik-mətbu qrupu IDG 2010-cu ildə hansı köhnəlmiş texnologiyaların istifadəçilərin həyatını tərk edəcəyini proqnozlaşdırmağa çalışıb.
Lent.az-ın verdiyi məlumata görə, bu texnologiyalar aşağıdakılardır:
Faksimil rabitə aparatları - Faks maşını özündə printer, skaner və analoq modemin kombinasiyasını əks etdirir. Əvvəlcədən kompüterdə rəqəmli şəkildə saxlanılan hər hansı bir sənəd kağızda çıxarılır, faks vasitəsilə skan edilir, rəqəmli təsvir modem vasitəsilə analoq siqnallara çevrilir, qəbul edən şəxsin modemi bu məlumatları yenidən rəqəmli şəklə salır. Faksın printeri onları çap edir, nəhayət əllə və ya skanerlə sənəd kompüterə yüklənilir. Sadalanan bütün bu proses başa düşüləndir. Lakin bununla yanaşı axı elektron poçt məfhumunu da unutmaq olmaz.
Köhnəlmiş faks texnologiyasının indiyədək istifadə olunmasını bir yanlış fikirlə əlaqələndirmək olar. Guya ki sənədin “kağız surəti” daha legitimdir, yəni qanuni və ya daha nüfuzludur. Əslində isə faksı göndərməmişdən qabaq sənədə digər bir şəxsin imzasını əlavə etmək, bu, faks təsvirinin olduqca keyfiyyətsiz olması səbəbindən çox asan məsələdir.
Avtomobil alışqanı - 1920-ci ildə işıq üzü görmüş bu texnologiya artıq çoxdandır ki, avtomobillərin panel cihazlarından çıxarılmalıdır. Maşınların panellərindəki bu cür elektrik çıxışlar təhlükəli, etibarsız, qeyri-stabil, narahat, yaraşıqsız olmaqla yanaşı, onların quraşdırılması həmçinin xeyli xərc tələb edir. Avtomobillərdə alışqan əvəzinə hər hansı bir standart çıxış və ya USB-portlar qurulmalıdır. Axı əksər sürücülər öz avtomobillərində papiros çəkməkdənsə smartfon, naviqator və digər qurğularla işləməyə daha üstünlük verirlər.
www prefiksi - İnternet-ünvanların əvvəlində yazılan www prefiksi təqdim olunan internet xidmət növünün eyniləşdirilməsi üçün nəzərdə tutulub. Lakin bu gün www prefiksinə, eləcə də http://-yə artıq ehtiyac qalmayıb. Lazım olan bütün işləri brauzerlər görür.
Vizit kartları - Bu vasitə mənəvi olaraq köhnəlib. Onların kompüterin və ya telefonun əlaqələr bazasına daxil edilməsi əlavə vaxt aparır. Bunun əvəzinə, sadəcə olaraq həmin şəxsin mobil nömrəsini, elektron poçtunu və ya digər kommunikasiya vasitəsini götürmək kifayət edir.
Filmlərin kirayə verilməsi büroları – Belə bürolar yığışdırılmalıdır. İstifadəçinin istənilən bəyəndiyi filmi yükləmək imkanı verən geniş kataloqlu onlayn xidmətlər daha rahatdır.
Məsafədə idarə etmə pultları - Bu qurğular isə özləri tədricən istifadədən çıxır. Hər bir müasir evdə televizor, stereosistem, kondisioner və s. qurğular üçün ayrı-ayrı pultlar istifadə olunur və onların hər birin vaxtı-vaxtında batareyalarını dəyişmək lazım olur. İstənilən qurğunu dəstəkləyən universal idarəetmə imkanlı mobil əlavələrin köməyi ilə artıq evdə bir neçə pult saxlamağa ehtiyac qalmayacaq.
Stasionar rabitə - Bu qurğular artıq keçmişə yollanmaqdadır. Məsələn, ABŞ-da 2006-2009-cu illər ərzində abunəçilərin mobil kommunikasiyalara daha üstünlük verərkən imtina etdikləri yerüstü rabitə xətlərinin sayı iki dəfə artıb. ABŞ əhalisinin dörddə birinin ümumiyyətlə şəhər telefonları yoxdur. Həqiqətən də, stasionar rabitə istifadəçiləri lazımi abunəçinin məcburi cavabı, eləcə də mətnli ismarıc imkanları ilə sevindirmir.
Musiqili kompakt disklər - MP3-fayl şəklində yüklənilən rəqəmli kontent musiqi disklərindən keyfiyyətcə heç də geri qalmır. Bundan əlavə, kompakt disklər ətraf mühit üçün zərərli, tez xarab olandır və onları özünlə gəzdirmək narahatdır.
Peyk radioqəbulediciləri – Radionu istənilən yerdə dinləməyə imkan verib. Lakin bu gün, MP3-musiqi, audiokitablar, avtomobil musiqi avadanlığı və nəhayət mobil internet kimi alternativ mənbələr tam kifayət edir.
Nəhayət, veb-saytlarda qeydiyyat prosesində adətən elektron poçt və parolun (iki dəfə), eləcə də poçt indeksinin daxil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, şəhər və ölkə bəndlərindəki məlumatdan poçt indeksini tapmaq çox asandır. Müasir həyatda qeydiyyat prosesi maksimal olaraq sadələşdirilməlidir. Məsələn, buna saytlara vahid mərkəzləşdirilmiş açıq daxilolma sistemi (OpenID) vasitəsilə nail olmaq mümkündür.
Mənbə: LENT.AZ