Göydələni “əl-Qaidə” liderinin ailəsinə məxsus “Saudi BinLaden Group” holdinqi tikir

2010-cu ilin üçüncü rübündə Dubayda dünyanın ən yüksək oteli açılacaq. Lent.az-ın “Arabian Business” portalına istinadən verdiyi məlumata görə, layihəni “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bir Laden ailəsinə məxsus “Saudi BinLaden Group” tikinti holdinqi həyata keçirir.

“Makkah Clock Royal Tover” adlı otelin hündürlüyü 557 metr olacaq. 76 mərtəbəli oteldə 858 nömrə olacaq. Göydələnin damında 40 metr diametrində saat quraşdırılacaq və bu saat 40 kilometrdən belə görünəcək. Binada rəsədxana və İslam muzeyi yaradılması da nəzərdə tutulur.

Oteli “Fairmont Hotels Resorts Group” otellər şəbəkəsi idarə edəcək.

Qeyd edək ki, illik dövriyyəsi bir neçə milyard dollar olan “Saudi BinLaden Group” tikinti holdinqinin əsasını 1931-ci ildə Məhəmməd bir Laden qoyub. O, “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin atasıdır. Üsamə bin Laden tikinti maqnatının 10-cu arvadından olan yeganə oğludur. Ona atasından 250 milyon dollar irs qalıb.

Məlumat üçün deyək ki, hazırda dünyada ən yüksək otel Dubaydakı “Roza” otelidir. Onun hündürlüyü 333 metrdir.

Mənbə: LENT.AZ