Dünyanın iki nüfuzlu texnologiya nəhəngi plagiatlıqda günahlandırılır
“Eastman Kodak” şirkətinin rəhbərliyi “Apple” və “Research In Motion” (RIM) korporasiyalarına qarşı məhkəmədə iddia irəli sürüb. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, məhkəmə çəkişməsinə səbəb “iPhone” və “BlackBerry” smartfonlarının kameralarında istifadə olunan texnologiyadır.
“Kodak” nümayəndələri hesab edirlər ki, “Apple” və RIM onun müəllif hüquqlarını pozub. Burada söhbət “Kodak” tərəfindən patentləşdirilmiş təsvirə ilkin baxış texnologiyasından gedir. “Kodak” “iPhone” və “BlackBerry” smartfonlarının satışına qadağa qoyulması xahişi ilə artıq ABŞ Beynəlxalq Ticarət Komissiyasına müraciət edib.
“Kodak” nümayəndələri bəyan ediblər ki, onların şirkəti “Apple” və RIM-dən qeyd olunan texnologiyanın qanunsuz istifadəsinə görə kompensasiyanın tutulmasına nail olmaq niyyətindədir. “Kodak” “iPhone” və “BlackBerry” istehsalçıları ilə bu istiqamətdə danışıqlar aparmağa hazır olduğunu da bildirir.
Bəyanatlardan sonra “Kodak”ın səhmlərinin qiyməti 4,5% artıb. “Apple” və “RIM” isə hələ onlara qarşı irəli sürülən ittihama dair açıqlama verməyiblər.
Mənbə: LENT.AZ