Çin dünya ictimaiyyətini internetə nəzarət sahəsində əməkdaşlığa çağırır

Çin cəmiyyətin sağlam inkişafı üçün internetə nəzarəti zəruri sayır və dünya ictimaiyyətini bu sahədə əməkdaşlığa çağırır.

Lent.az-ın “Ria Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Çin Xalq Respublikasının Dövlət Şurasının mətbuat dəftərxanasının rəhbəri Van Çven bəyan edib.

Çinin yüksəkvəzifəli şəxsinin bəyanatı “Google” şirkətinin bu ölkədəki fəaliyyətinin dayandıra biləcəyi barədə açıqlamasından bir gün sonra səsləndirilib. “Google” bu niyyətini Çinin bir sıra hüquq müdafiəçilərinin onun poçt servisində yerləşən elektron ünvanların Çindən olan naməlum hakerlər tərəfindən sındırılmasından sonra bəyanlayıb.

Rəsmi Pekinin internetə münasibətini şərh edən Van Çven deyib ki, müasir şəraitin tələblərinə cavab vermək, internetin qurulmasını, inkişafını və idarə olunmasını mərkəzi hökumətin siyasətinə uyğun olaraq vicdanla həyata keçirmək, daxili və beynəlxalq maraqları nəzərə alaraq fəaliyyət göstərmək, eləcə də informasiya və mədəni təhlükəsizliyi mütləq nəzərə almaq lazımdır.

Onun sözlərinə görə, Çinin internetlə bağlı siyasəti sağlam, mədəni və təhlükəsiz internet-məkanın yaradılması” maraqlarına cavab verir və “internetin inkişaf yolunda Çin spesifikası ilə gələcək irəliləyişin mümkünlüyünü təmin edir.

Dövlət Şurasının mətbuat dəftərxanasının rəhbəri qeyd edib ki, bu gün internet dövlətin vacib elementlərindən birinə, burada yayılan informasiya isə milli strategiyanın vətəndaşların həyatı ilə sıx əlaqədə olan vacib resursuna çevrilib. Çin hökumətinin nümayəndəsi hesab edir ki, bu istiqamətdə internet-media internetin təhlükəsiz inkişafına köməklik etməli, milli maraqları və xalqın maraqlarını dəstəkləməli, iqtisadi və mədəni inkişafı irəliləməli, harmonik və stabil cəmiyyətin tələblərinə cavab verməlidirlər.

Qlobal şəbəkənin əsas təhlükələri sırasında isə Van Çven pornoqrafiyanın yayılmasını, haker hücumlarını və internet-dələduzluğu sadalayıb. Bu üç məfhum bütün dünyanı narahat edir və internet-ictimaiyyətinə zərər gətirir. Bununla əlaqədar olaraq Çin Dövlət Şurasının mətbuat dəftərxanasının rəhbəri qeyd edib ki, şəbəkə təhlükəsizliyinin təmin olunması beynəlxalq ictimaiyyətin möhkəmlənməsini tələb edir: “İnternetin idarə olunması sahəsində effektivliyin artırılması istiqamətində bütün ölkələr səy göstərməlidir ki, gələcəkdə onların özlərinin internet seqmentlərində bu cür problemlər yaranmasın və başqa ölkələrə təsir göstərməsin”.

Mənbə: LENT.AZ