Böyük ölçülü elastik displey hazırlanıb

“LG Display” şirkəti uzunluğu 40, eni isə 25 santimetr olan elastik displeyin işlənib hazırlandığını elan edib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, adi qəzetlə eyni olan ölçülərin nisbəti nəticəsində 19 düym diaqonal alınır.

“LG Display”ın yeni məhsulunun qalınlığı cəmi 0,3 millimetr, çəkisi isə 130 qram təşkil edir. Şirkət yeni qurğunu elastik displeylər arasında ən iri olduğunu bəyan edir. Elastiklik isə displeyin tərkibində şüşə əvəzinə folqanın istifadə olunması hesabına əldə olunur.

“LG Display”ın rəsmi nümayəndələrinin sözlərinə görə, yeni texnologiya elektron kitab istehsalçıları üçün tam yeni perspektiv açacaq. Ekspertlərin fikrincə isə gələcəkdə bu cür displeylər adi qəzetləri əvəz edəcək. Onları çap eləməyə ehtiyac yoxdur və bütün aktual informasiya buraya daxil olub təsvir olunacaq. Belə elastik daşıyıcılar çap və televiziya arasında olan sərhədi silməlidir.

Bu yeni məhsulun kütləvi istehsalına nə vaxt başlanılacağı barədə məlumat verilməyib.

Mənbə: LENT.AZ